Suların növləri — 5-ci dərs

Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:



Təmizliyin əldə olunması üçün suya ehtiyac var. Ötən məqalələrdə də qeyd olunduğu kimi təmizlik deyərkən qəsdimiz istilahi mənadakı təmizlikdir.
Suyun növləri
Su iki növdür:
Birincisi; Təmiz olan su.
İkincisi; Nəcis olan su.
Əvvəlcə təmiz su barədə danışaq:
«Təmiz su – öz xilqəti üzərində, vəsflərindən heç biri dəyişilmədən qalan suya deyilir.» (Şeyx İbn Useyminin «əş-Şərh əl-Mumti» kitabı, 1/27).
Təmiz sulara misallar:
Birinci misal: Quyudan çıxardılan, qaynayan su.
İkinci misal: Yağış suları və s.
Beləliklə, hədəsi yalnız təmiz su aradan qaldırır. Su adlanmayan maddələr isə hədəsi aradan qaldırmır. Misal üçün benzin və ona bənzər maddələr hədəsi aradan qaldırmır. Deməli, hədəs yalnız su ilə aradan qalxır, yəni, yalnız su ilə dəstəmaz almaq olar. Buna dəlil isə Qurandakı bu ayədir: «Əgər su tapmasanız təmiz torpaqla təyəmmüm edin» (əl-Məidə 6). Bu ayədə Allah Təalə sudan başqa heç bir axıcı mayenin adını çəkmədən birbaşa torpaq ilə hədəsin aradan qaldırılmasını əmr edir. Deməli, hədəsi yalnız su aradan qaldırır və onu heç bir maye əvəz etmir. (Şeyx İbn Useyminin «Əş-şərh əl-Mumti» kitabı, 1/27).
Fayda: Süd, çay, meyvə şirələri və s. mayelər ilə dəstəmaz alınmır, çünki onlar su hesab olunmurlar.
Oxucuya asan olsun deyə suyun növləri sxem şəklində təqdim olunur:
Öz xilqətində qalan su təmiz sayılır, rəngində, dadında və iyində dəyişiklik olsa belə. Misal üçün: meşələrdə olan su gölməçəsinə palçıq qatışarsa, həmin gölməçənin suyu təmiz sayılır və onunla dəstəmaz almaq olar. (Şeyx İbn Useyminin «əş-Şərh əl-Mumti» kitabı)
«Təmiz suya pak olan bir şey düşərək onun vəsflərindən birini dəyişməsi iki növdür:
Birincisi, Təmiz suyu həmin şeydən qorunması çətin olan növ
İkincisi, Təmiz suyu həmin şeydən qorunması asan olan su
Birinci növə misal: Ətrafında ağac olan gölməçəyə  həmin ağacın yarpaqları tökülür. Bunun qarşısını almaq çox çətindir. Belə gölməçələrin suyu təmiz sayılır.
İkinci növə misal: İnsan çimərkən yanındakı  qabda olan təmiz suya az miqdarda işlətdiyi  sabun və ya şampunun düşməsi. Bu suyu sabun vəya şampundan qorumaq çətin deyil. Belə su səhih olan rəyə əsasən təmiz sayılır.
Qayda: Su öz xilqətində qalaraq, ona nə isə qatışıb adını dəyişdirmədiyi təqdirdə belə sular təmiz sayılır, yəni, onunla dəstəmaz almaq olar.» (Şeyx Suleymən ər-Ruheyli «Mənhəcus-Səlikin» kitabının şərhinin səs yazısından).
Nəcis sular barədə isə növbəti məqalələrdə bəhs olunacaq inşəAllah.
Hazırladı: Beynəlxaq Mədinə İslam Universitetinin məzunu: Seymur Camal, selef.info