22.06.2020

SİLSİLƏ FİQH MƏQALƏLƏRİ 8 - Nəcis sular

NƏCİS SULAR

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:


Dördüncü məqalədə qeyd olunmuşdur ki, sular iki növdü: təmiz və nəcis. Bundan əvvəlki məqalələrdə təmiz sular barədə məlumat verildi və bir neçə misallar çəkildi. İndi isə nəcis sular barədə danışılacaq.

«Nəcasət» sözü ərəb dilində çirkli və təmiz olmayan deməkdir. («əl-Misbəh əl-Munir» kitabı).

İstilahi mənası isə belədir: «Ondan təmizlənilməsi vacib olan hər şeyə nəcasət deyilir.» (Şeyx İbn Useyminin (Allah ona rəhm etsin) «əş-Şərh əl-Mumti» kitabı).

Nəcis suların tərifi:

TƏRKİBİNƏ NƏCASƏT DÜŞƏRƏK ONUN RƏNGİNİ, TAMINI VƏ QOXUSUNU DƏYİŞDİRDİYİ SULARA NƏCİS SULAR DEYİLİR.

Tərifdən aydın olur ki, suyun nəcis sayılması üçün onun üç vəsfi dəyişməlidir:

1) rəngi
2) tamı
3) qoxusu.

Bu üç vəfsdən hər hansı biri dəyişərsə həmin su nəcisləşmiş hesab olunur. Belə su ilə dəstəmaz almaq, məişətdə istifadə etmək olmaz.

Əgər suyun miqdarı çox olarsa həmin suya düşən nəcis ona təsir etmir, məsələn: dənizə hər hansı bir nəcis düşərsə, onun tərkibinə təsir etmir, çünki dəniz suyunun miqdarı çoxdur.

Belə bir sual vermək yerinə düşər: nəcasətin təsir etmədiyi an az miqdar nə qədərdir?
Su ən azı nə qədər olmalıdır ki, nəcis ona təsir etməsin ?

Cavab isə odur ki, bunun müəyyən miqdarı yoxdu, nə qədər ki, nəcis suya düşərək onun dadını, tamını və ya qoxusunu dəyişməyibsə həmin su təmiz sayılır. Bu rəy Şeyxulislamın, İbn Useyminin və başqa alimlərin daha doğru saydıqları rəydir. (Şeyx İbn Useyminin «əş-Şərh əl-Mumti» kitabı, 1/40-41)

Alimlərin bəziləri elə hesab edirlər ki, ən az miqdar iki «qullə»dir. Əgər suyun miqdarı iki qullə olarsa, həmin suya düşən nəcis ona təsir etmir, yəni su təmiz qalır. Lakin iki qullədən az olarsa ona nəcis düşdüyü təqdirdə onun vəsflərini dəyişməsə belə həmin su nəcisləşmiş hesab olunur.
«Qullə» haqqında:

Qullə sözü ərəb dilində gildən, palçıqdan hazırlanmış «küzə», «dolça» və ya «sənək» mənasını verir. Hesablamalara görə bir qullənin miqdarı təxmini olaraq 125–150 litr arasındadı. Beləliklə, iki qullənin miqdarı təxmini 250-300 litr edir.

Qeyd olunan ikinci rəyin izahı:

Yuxarıda qeyd olunan rəyə görə, miqdarı təxminən 300 litrdən az olan suya nəcis düşərsə həmin su nəcisləşər. Lakin miqdarı 300 litrdən çox olan suya nəcis düşərsə ona təsir etməz, yəni su təmiz qalar. Bütün bunlara baxmayaraq daha doğru olan rəy odur ki, bunun müəyyən miqdarı yoxdu, nə qədər ki, suya nəcis düşərək onun dadını, tamını və ya qoxusunu dəyişməyibsə həmin su təmiz sayılır. Qeyd olunduğu kimi bu rəy Şeyxulislamın, İbn Useyminin və başqa alimlərin daha doğru saydıqları rəydir. (Şeyx İbn Useyminin «əş-Şərh əl-Mumti» kitabı, 1/40-41)

Beləliklə, Allahın müvəffəqiyyəti ilə fiqh məqalələrinin sular barədə olan hissəsi bitdi. Növbəti məqalədə indiyə kimi yazılmış məqalələrin sxem forması təqdim olunacaqdır inşallah. Daha sonra isə müqəddimə də daxil olmaqla bütün məqalələr üzrə suallar tərtib olunub möhtərəm oxucuya təqdim ediləcəkdir inşallah. Allah hamımızı xeyir işlərə müvəffəq etsin.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Topladı və tərtib etdi: Seymur Camal, selef.info