SİLSİLƏ FİQH MƏQALƏLƏRİ 7

SİLSİLƏ FİQH MƏQALƏLƏRİ 7

TƏMİZ SULARA MİSALLAR: YAĞIŞ SUYU 

Rəhmli və Mərhəmətli Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra: 


Keçən məqalədə təmiz hesab olunan suların birinci növü haqqında danışılıb, bu dəfə isə ikinci misal ilə tanış olaq. Yağış suyu Yağış suyu təmiz hesab olunur. Buna dəlil kimi aşağıdakı iki ayəni göstərmək olar: «Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki…» (əl-Furqan, 48) Həmçinin: «…göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin…» (əl-Ənfəl, 11) Əbul-Fidə İsməil İbn Kəsir (h. 701-774) (Allah ona rəhm etsin) birinci ayənin təfsirində demişdir: «Yəni təmizlənərkən (dəstəmaz alarkən) istifadə etmək üçün vasitə endirdik.» Abdurrahmən ibn Nasir əs-Sə`di (h. 1307 — 1376) (Allah ona rəhm etsin) birinci ayənin təfsirində demişdir: «Bu su insanları hədəsdən və xabəsdən (nəcasətdən) təmizləyir.» İkinci ayənin qısa təfsiri: İkinci ayənin təfsirində isə İbn kəsir (Allah ona rəhm etsin) demişdir: «təmizləmək üçün» – yəni hədəsdən va xabəsdən təmizləmək üçün («hədəs» və «xabəs» terminlərinin mənaları üçün dördüncü məqaləyə qayıtmaq olar) Hər iki ayənin təfsirindən görünür ki, yağış suyu təmizdir. Onu qida kimi də istifadə etmək olar. Həmçinin içmək və ya yemək bişirərkən istifadə etməkdə icazəlidir. Bu hökmü ərimiş qarada aid etmək olar, çünki əriyərək su halına çevrilərsə o zaman təmiz sayılır. Yağış yağdıqdan sonra meşələrdə balaca su gölməçələri əmələ gəlir. Belə gölməçələrdəki sular adətən palçıqla qarışaraq torpaq rəngini alsa belə təmiz sayılır. Həmin sularla dəstəmaz almaq olar. Bunun səbəbi beş nömrəli məqalədə qeyd olunub. Həmin qayda belə idi: Su öz xilqətində qalaraq, ona nə isə qatışıb adını dəyişdirmədiyi təqdirdə belə sular təmiz sayılır, yəni, onunla dəstəmaz almaq olar. Bu qaydaya əsasən yerdən qaynayaraq çıxan, qaynadılmış və ya günəş şuaları ilə qızdırılmış, köhnə bir qabda uzun müddət qalaraq rəngi vəya tamı dəyişən sularda təmiz sayılır. Çünki onlar öz xilqətində həqiqi olaraq qalmış hesab olunurlar. Bəzi hədislərdə varid olub ki, suyun miqdarı «iki qullə» – dən çox olarsa təmiz sayılır. Alimlər arasında «qulləteyn» hədisi kimi tanınan bu hədis haqda növbəti məqalədə danışılacaq inşallah. Lakin qısa olaraq qeyd etmək olar ki, «qulləteyn» miqdarı təxminən iki yüz əlli litr suya bərabərdir. Deməli hədisdən belə aydın olur ki, suyun miqdarı iki yüz əlli litrdən çox olarsa, həmin suya nəcisin düşməsi onun təmizliyinə təsir etmir. Bu barədə daha ətraflı növbəti məqalədə danışılacaqdır inşəAllah. Müvəffəq edən Allahdır. Sonda aləmlərin rəbbi olan Allaha həmd olsun. 

Toplamaq və tərtib: Seymur Camal, selef.info