16.06.2020

SİLSİLƏ FİQH MƏQALƏLƏRİ 6

SİLSİLƏ FİQH MƏQALƏLƏRİ 6

TƏMİZ SULARA MİSALLAR: DƏNİZ SUYU


Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:



Bu məqalədə Allahın izni ilə təmiz sulara dəlilləri ilə misallar çəkiləcəkdir.

Birinci misal: Dəniz suyu

Dəniz suyu təmiz hesab olunur, buna dəlil isə aşağıdakı hədisdir:

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Allah Elçisinin (Allahın ona salavat və salamı olsun) yanına gələrək ona belə deyir: «Ey Allahın elçisi, biz dənizə çıxırıq və özümüzlə az miqdarda su götürürük. Əgər həmin su ilə dəstəmaz alsaq susuz qalacayıq, elə isə dəniz suyu ilə dəstəmaz ala bilərikmi? Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) dedi: «Onun suyu təmiz, ölüsü isə halaldır.» (Əbu Davud, Nəsəi, Tirmizi, İbn Məcə rəvayət etmişlər, Buxari və Tirmizi hədisi səhihləşdiriblər (Allah alimlərimizin hamısına rəhm etsin).)

Bu hədis haqqında bir az daha ətraflı:

Əvvəla sual verən şəxsin adı haqqında alimlərdən müxtəlif rəylər varid olub, həmin ehtimal olunan adlardan bəziləri bunlardır: Abdullah, Ubeyd, Abd əl-Bələvi.

Elm əhli bu hədisdən bir çox faydalar çıxarmışlar. Həmin faydalardan bəziləri aşağıdakılardır:

Birinci fayda: Dəniz suyu təmizdir və istənilən vaxtda onunla dəstəmaz ya da qüsl almaq olar. Bunu Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) verdiyi cavabdan almaq olar. Həqiqətən də, onun (Allahın ona salavat və salamı olsun) verdiyi cavab hikmətli və şəfqətlidir. Çünki həmin şəxs sadəcə dəstəmazı soruşmuşdu və suyun az olmasını qeyd etmişdi. Lakin, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) ona soruşduğundan da artıq cavab verərək buyurdu: «Onun suyu təmiz, ölüsü isə halaldır.». Alimlər buyururlar ki, əgər həmin şəxsin sualına «Bəli , dəstəmaz ala bilərsiniz» deyərək cavab versəydi, onda bəzi suallar ortaya çıxaraq cavabsız qala bilərdi, mələsən:

Birinci sual: Dəniz suyu ilə dəstəmaz almağa yalnız gəmidə olanlar üçün icazə verilib, yoxsa istənilən vaxt almaq olar?

İkinci sual: Əgər gəmidə içməli suyun miqdarı çox olsa onda dəniz suyu ilə dəstəmaz almaq olar? və s.

Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) qısa, lakin geniş mənalı cavabı ilə bu və başqa bu kimi suallara cavab tapmaq mümkündür.

İkinci fayda: Gəmiyə minməyin icazəli olması, çünki Allah rəsulu (Allahın ona salavat və salamı olsun) sual verən şəxsin gəmiyə minməsini biləndə ona etiraz etmədi. Bəzi fəqihlərə görə dənizə çıxmaq olmaz, çünki bu təhlükəlidir. Lakin bu hədis sübut edir ki, dənizin sakit və təhlükəsiz halında gəmiyə minmək olar. Sahildən uzaqlaşdıqdan sonra qəfil baş verən təhlükə, böyük dalğalar haqqında isə «Allahın qədəri belə imiş» deyilməlidir.

Üçüncü fayda: Əgər kimsə səfərə çıxarkən özü ilə az miqdarda su götürərsə və yol boyu başqa su tapmasa təyəmmüm edə bilər. Çünki, Allah rəsulu (Allahın ona salavat və salamı olsun) bilirdi ki, gəmidə olanların azda olsa içməli suyu var idi, lakin bununla belə onları dəniz suyundan istifadə etməyə yönəltdi.

Dördüncü fayda: Dənizdə yaşayan canlının ölüsü belə halaldır. Çünki, Allah rəsulu buyurdu ki: «Onun suyu təmiz, ölüsü isə halaldır.». Ola bilsin həmin canlı itə, tülküyə və ya başqa quruda yaşayan canlıya oxşasın, bu, onların halallığına təsir etmir. Yalnız tibbi cəhətdən zərər verdiyi sübut olunan canlılardan başqa. Həmçinin qeyd etmək lazımdır ki, söhbət həmişə suda yaşayan canlılardan gedir. Lakin, suda yaşamayan heyvan suya düşərək ölərsə, halal sayılmaz. Misal üçün: toyuq dənizə düşüb boğularaq ölərsə, halal sayılmır, çünki o, suda yaşayan canlılardan sayılmır. Daha doğrusunu Allah bilir.
Sonda aləmlərin rəbbi olan Allaha həmd olsun.


Toplamaq və tərtib: Seymur Camal.